İranda Azərbaycan/Türk Hərəkatının Üstün və Əksik Tərəfləri
İranda Azərbaycan/Türk Hərəkatının Üstün və Əksik Tərəfləri
Prof. Nəsib L. Nəsibli
Güney Azərbaycanın və gənəlliklə İrandakı Türklüyün 2022’nin sentyabrından sonrakı davranışı diqqət çəkir. Xaricdəki milli fəalların ümid, hətta pafos dolu açıqlamaları müqabilində İran “viran olmadı.” Halbuki bizimkilər bu işin məhz Azərbaycanın hərəkata verəcəyi təkanla gerçəkləşəcəyini vəd edirdilər. Azərbaycan, gənəlliklə Türklük potensialını ortaya qoyub, İrandakı hərəkatı yönləndirmək bir yana, ölkə çapında xüsusi fərqlilik göstərmədi. Niyə? Xaricdəki İran müxalifətinin keçənilki 100 minlik Berlin və Vaşinqton mitinqlərində soydaşlarımızın öz kimliyini ifadə etməsinə imkan verilmədi. Halbuki mitinqə qatılanların ən azı üçdə birini (30 min) Türklər təşkil edirdilər. Və bu Türklər də milli şüarlarla çıxış etməyə xüsusi həvəs göstərmədilər. Brüsseldəki mart mitinqi İran müxalifətinin Türk milli hərəkatını inkar etməsinə qarşı bir cavab oldu. Bu mitinqin baş tutması özü-özlüyündə bir uğur sayıla bilər. Amma Brüssel mitinqinə qatılanların sayının Berlin və Vaşınqton mitinqindəki soydaşlarımızın sayı ilə müqayisə edilməyəcək qədər az oldu. Niyə? Bu niyələrə dərdədəyən cavablar tapmaq üçün tarixi dərinliyə enməkdə fayda vardır. Hərəkatın tarixi təcrübəsini araşdırıb, gərəkən nəticələr çıxartmaq olar və lazımdır. Qəhrəmanlıqlar və fəlakətlərlə dolu 100 ildən artıq keçmişi olan milli hərəkat tarixindən dərs almaq doğru-düzgün taktik xəttin seçilməsində yardımçı ola bilər. Milli fəalların fədakar işlərindən sevinmişik, hərəkatın varlığından qürur duymuşuq. Hərəkatın əksik tərəflərinin dilə gətirilməsindən isə bir qayda olaraq çəkinmişik. Fəqət milli hərəkatın indiki həssas durumuna gerçəkçi baxış, onun güclənməsi və gələcəyi üçün zəruridir.
Milli hərəkatlar üçün, bağrından çıxdığı millətin sayı önəmli güc ünsürüdür. İranda soydaşlarımızın sayı az deyil. Dost da, düşmən də bunu etiraf edir. Aşağı-yuxarı Farslarla tən gəlir, hətta bəzən sayca onlardan daha artıq olduğu söylənilir. Məhz bu çoxluq üzündən 1956’dan bəri hər on ildə bir keçirilən ümumi əhali sayımında milli-etnik tərkib nəzərə alınmır. Bunun üçün də bir-birini təkzib edən fərqli rəqəmlər vardır. Onların hamısını sıralayıb, ortaq bir rəqəm çıxartmaq da doğru iş olmaz. Rəsmi şəxsin, İran İslam Cümhuriyyətinin keçmiş Xarici işlər naziri Əli Əkbər Salehinin verdiyi rəqəm gerçəyə yaxın ola bilər. Salehi 2011’də bu “gizli rəqəmə” açıqlıq gətirərək, İranda əhalinin yüzdə 40’nın Türkcə danışdığını bildirmişdi. Bu da indiki 85 milyonluq İranda 34 milyon Türkün yaşaması deməkdir. Nisbi və mütləq mənada böyük rəqəmdir. Bu kəmiyyətin milli hərəkat üçün birinci potensial güc qaynağı olduğunu bir yerə yazaq. İran əhalisinin yüzdə 40’nın Türklərdən ibarət olması demək, İranın gələcəyinin Türklərin milli hərəkatının stratejisi və gücündən asılı olması deməkdir. Digər Fars olmayan millətlər ölkə əhalisinin yüzdə 20’i təşkil edirlər. Bu qrupa daxil olanların əksəriyyəti Sünni məzhəbinə aiddirlər, hakim Şiə çoxluğun hegemoniyasından əziyyət çəkirlər və Tehranın siyasətinə qarşı daha aktiv mübarizə sərgiləməkdədirlər. Bununla belə ölkənin gələcəyi Şiə tandemindən (Fars-Türk) - əhalinin yüzdə 80’ə bərabər olan çoxluqdan asılıdır varsayımı yanlış olmaz deyə düşünməkdəyik.
Demoqrafik çəki ilə bərabər Türklərin iqtisadi çəkisinin də az olmadığı göstərilir. Tehran, Təbriz və başqa böyük şəhərlərdə “bazarların Türklərin əlində olduğu” tez-tez qarşımıza çıxan fikirlərdəndir. Ənənəvi bazarın sosial, hətta siyasi həyatda rolu olduğu kimi, ölkənin iqtisadi strukturunda da rolunun yüksək olduğu bilinən gerçəklərdəndir. 2 Milli hərəkatın fiziki enerjisi həm keçmişdə, həm də günümüzdə özünü göstərmişdir. Son 30 ildə Bəzz qalası hərəkatı, Qurddərəsi faktı bu enerjinin püskürdüyü varlıq əlaməti sayıla bilər. Güney Azərbaycanın, ümumiyyətlə İrandakı Türklüyün güc qaynaqlarından birisi də onun Türk Dünyasının önəmli bölümlərindən biri olmasıdır. İİR’in quzey-batısında, sərhəd bölgəsində yerləşməsi müsbət amillərdən digəridir. Sərhədin otayında, ya da yaxın qonşuluqda bağımsız Türkiyə, Azərbaycan, Türkmənistan və başqa Türk dövlətlərinin və topluluqlarının varlığı milli hərəkatın gücünə güc qata biləcəyi bir amildir. Beləcə, milli hərəkatın güclənməsinin demoqrafik, iqtisadi, coğrafi potensialının yüksək olduğu ortadadır. Güney Azərbaycanın Türk Dünyasının bir bölümü olması və xarici müttəfiqlər məsələsində özəl imkanlar yaratması başqa bir üstünlük təşkil edir. Bununla belə milli hərəkatın güc qaynağı ola biləcək demoqrafik və iqtisadi amilləri mütləq pozitiv amil olaraq təqdim etmək doğru olmaz. Son 50-60 ildə Türklərin demoqrafik durumunda köklü dəyişmələrin olması İranda Türk məsələsinin qoyuluşundan da təsirsiz keçmədi. Tarixi Azərbaycan Əyalətinin (indiki Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan ostanları) əhalisi 2016”dakı son əhali sayımına görə 9,5 milyondur. Ölkə əhalisinin (79,92 milyon) yüzdə 40’nın Türklərdən ibarət olduğunu varsaysaq, Türklərin (aşağı-yuxarı 32 milyon) böyük əksəriyyətinin əski Azərbaycan Əyalətinin xaricində yaşadığı ortaya çıxır. Azərbaycan Əyalətinə bitişik indiki Həmədan, Mərkəzi, Qəzvin, Əlborz və Qum ostanlarındakı 8,4 milyonun yarısının da Türklər olduğunu fərz etmiş olsaq, yenə də İranın quzey-batısındakı etnik zonadakıların toplam sayının (9,5 milyon + 4,2 milyon = 13,7 milyon) bu ölkədəki soydaşlarımızın ümumi sayının heç yarısına belə çatmadığını görürük. Tehran əhalisinin yüzdə 60’ı (13,6 milyonun təxm. 8 milyonu) bu rəqəmə əlavə etsək, onda Türklərin çoxluğunun (21,7 milyon) Astara-Tehran-Qum-Xoy dördbucağında məskun olduğu ortaya çıxır. Digər Türklərin qalan bölümü Qaşqayelində və Xorasanda, eləcə də başqa bölgələrdə azlıq şəklində məskundurlar. Göstərilənlər Türklərin əsas etibarı ilə ölkənin quzey-batısında və Tehranda cəmləşdikləri, qalan 10 milyonun ölkənin digər bölgələrinə dağıldığını iddia edə bilərik. Bu arada Qaşqay Türklərinin və Xorasandakı Türklərin neçə yüzillərdir Azərbaycandan ayrı düşməsini və onunla əlaqələrin zəifliyini də göstərmək zorundayıq.
Milli Hökumətin məğlubiyyətindən (1946) sonra, hətta ondan da əvvəl başlayan Türklərin Azərbaycanı tərk etməsi sürəci sonrakı onillərdə də davam etdi, hətta sürətləndi. Bu, Türk məsələsinin mahiyyətini dəyişdirməsə də, yeni taktik gərəyini ortaya qoydu. Bu dəyişməni əldə bayraq edərək bəziləri “bütün İranın Türk dövlətinə çevrilməsi” zərurəti haqqında fikirlər irəli sürməkdədirlər. “Bütöv İrançılıq” olaraq xarakterizə edəcəyimiz/tanımlayacağımız bu fikir milli hərəkat düşərgəsində haqlı olaraq çaxnaşma və rahatsızlığa səbəb olmuşdur. Bizcə, demoqrafik durumda dəyişiklik Güney Azərbaycan faktını aradan qaldıra bilməz. Burası İrandakı Türklərin siyasi dayağıdır, güvənc yeridir. Azərbaycan mərkəzli düşüncə və fəaliyyət yanaşması da məhz bundan qaynaqlanır. Güney Azərbaycan sınırları xaricində, etnik baxımdan qarışıq bölgələrdəki, ya da etnik azlıq statusunda olduqları bölgələrdəki soydaşlarımızın ehtiyacları Azərbaycandakından fərqli ola bilər. Bununla belə tarixi vətən anlayışı (Azərbaycan, ya Güney Azərbaycan) İrandakı Türklüyün bu kəsimi üçün önəmini itirə bilməz. Bu arada hərəkatın dəqiq adı məsələsi ətrafında da düşünməyə dəyər. Azərbaycan və ya Güney Azərbaycan mərkəzli hərəkatın İranda Azərbaycan hərəkatı olaraq adlanması, ölkə çapında Türklərin problemlərinin həllinə yönəlmiş hərəkatın isə İranda Türk hərəkatı olaraq adlanmasında yarar vardır deyə düşünməkdəyik. Əlbəttə, bu hərəkatlar bir-birindən ayrı deyil, iç-içədir. Bu 3 üzdən bir hərəkatın iki ayrı komponentini/biləşənini içinə alan hərəkatı İranda Azərbaycan/Türk hərəkatı adlandırmaq məntiqli olmazmı? Azərbaycanın iqtisadi durumunda da önəmli dəyişikliyin baş verdiyi bir gerçəkdir. Məşrutə hərəkatı dönəmində Azərbaycan İranın iqtisadi-ticari və siyasi baxımdan ən gəlişmiş bölgəsi idi. Bunu 1946’lardan sonrakı Azərbaycan haqqında demək çətindir. İndiki Azərbaycan iqtisadi baxımdan artıq İranın gəlişmiş bölgəsi sayılmır. Bir sözlə, son 100 ildə Azərbaycanı zəiflətmək, Türklüyü İran səthinə yaymaq, onu İran tamına pərçimləmək siyasəti bəlli dərəcədə nəticə vermişdir. Bu yeni gerçəkliyi göz önündə tutmaq milli hərəkatın vazkeçəməyəcəyi məsələlərindən biridir.
Hərəkatın əskik tərəfləri
Yüz ildən artıq keçmişi olan İranda Azərbaycan/Türk hərəkatının qısaca təhlili bir sıra önəmli xüsusu ortaya qoymağa imkan verir. Birinci xüsus milli hərəkatın gənəlliklə “İran mərkəzli” olması idi. İranın problemlərini çözmək üçün Azərbaycanın və Türklüyün canını fəda etməsi idi; sonunu düşünmədən çürümüş Qacar hakimiyyətini devirməsi üçün Təbrizin bir il ac qalması idi; Britaniya ilə müqavilənin (1919) ləğvi üçün sonuncu Qacar hökmdarı Sultan Əhməd Şahın taxt-tacdan əl çəkməsini belə gözə alması idi; Vilayəti-fəqih institutunun ləğvini milli maraqların üstündə tutması idi; bir sözlə, hərəkatın İran üçün siyasi cəhətdən fədakarlıq edib, milli maraq baxımından qəflət etməsi idi. Bu ölkədə siyasi partiyaların sıravi üzvlərinin xeyli hissəsinin Türklərdən ibarət olması keçmişdə də, indi də bir faktdır. İranda Türk millətinin varlığını belə inkar edən ümum-İran “hizbləri və ittihadiyələrində bizlərin ə’za, onların rüasa kəsilmələri” (Təbrizli Əli) duşündürücüdür. Bu fədakarlığın qarşılığında İran/Fars fikir sistemində milli hərəkatın sevilməyən separatçı, dağıdıcı hərəkat kimi alqılanıb, boykot edilməsi də bir başqa gerçəkdir. Son illərdə başqa bir ifratın şahidiyik. Azərbaycan İran deyil! deyib içində yer aldığı ölkədəki siyasi cərəyan və hərəkatlardan özünü tamamilə təcrid etmək meyli ortadadır. Halbuki milli hədəfə çatmaq üçün İran miqyaslı demokratik, sekulyarist, feminist, Fars olmayanların milli hərəkatları ilə işbirliyinin olması gərəkliyi olmazsa-olmazlardandır. Demək, Azərbaycanın maraqlarının birinci sırada durması şərti ilə, İran miqyaslı hərəkatlardan özünü təcrid etmək yolverilməzdir. 21 Azər hərəkatı və Milli Hökumət zamanı bu qopuqluğu aradan qaldırmaq cəhdi edildi. Demokratik dəyərləri ölkə miqyasına yaymaqla yanaşı, ilk dəfə milli dil, milli mədəniyyət məsələsi ortaya atıldı. Amma hərəkatın taleyini Sovet diktatoru Stalinin iradəsinə bağlamaq yanlışlığını yaşadıq. Bu yanlış da uzun onillər milli hərəkatın irəliləməsinə mane oldu, hərəkatın çağdaş mərhələsi üçün model olmaqdan çıxdı. Milli hərəkatın dramatik tarixi gedişində uzun müddət mövcud olmuş, az-çox dərəcədə oturuşmuş siyasi təşkilatın olmaması, bu gün peşəkar siyasi kadrların yoxluğu, ya azlığı problemini ortaya qoyur.
Milli hərəkat yetərincə kütləviləşməyib. Sözümüzün başında Vaşinqton, Berlin və Brüssel mitinqlərinə qatılan soydaşlarımızın sayındakı kritik fərqi örnək olaraq dilə gətirmişdik. Ölkə daxilindəki durum da eyni dərəcədə fəlakətlidir. Hərəkatın bütün sosial təbəqələri tam əhatə etmədiyini etiraf etmək məcburiyyətindəyik. Milli hərəkat sosial bazanı genişləndirmək, onun 4 kütləviliyini artırmaq üçün çalışmaq məcburiyyətindədir. Asan olmayan addımlardan biri hərəkatın şüarlarının yumşalması, söyləmlərin ümum-İran hərəkatlarına yaxınlaşdırılması ola bilər. Son hədəfin ikidə-bir dilə gətirilməsi də sıraların genişlənməsinə xidmət etmir. Orta və yuxarı sosial təbəqələri özünə cəlb etmək üçün uyğun taktikanın tətbiqi gərəkdir. İki Azərbaycan arasında əlaqələrin məhdudlaşdırılmasını istəmək bu bölünmüş ölkəyə pislik etmək deməkdir. Amma və lakin Güney, Quzey Azərbaycanın əskik tərəflərini təkrar etmək məcburiyyətində də deyil. Ən önəmli məsələlərdən birisi Quzeydə Stalin rejiminin dayatdığı “Azərbaycanlı” anlayışının, Quzeydəki problemli tarix konseptinin Güneydə eyniylə təkrarlanmasıdır; Quzeydəki dildə mühafizəkarlıq faktının Güneydə yamsılanmasıdır; bəzi milli fəalların özünü Quzeydəki hakimiyyətə sırımasıdır... Bu sıranı artırmaq da olar. Məsələ həssas olduğundan siyasi təşkilatların oturub bu məsələdə ortaq məxrəcə gəlmələri arzu edilir. Bizim təklifimiz: Bağımsız görünmək, ondan daha önəmlisi bağımsız olmaq məcburiyyətimiz vardır. Milli hərəkatın taktik gedişlərinin dəqiqləşməməsinin səbəblərinin başında, Quzeydə və Güneydə milli ideologiya sahəsindəki yarım qalmış durum sayıla bilər. Biz kimik, haradan gəlib, haraya gedirik kimi həssas sualların cavabında paylaşılan ortaq təsəvvürlərin olmaması ciddi problemdir. Millətin adı məsələsindən tutmuş, doğru-düzgün tarixçilik, tarixdə və yaxın keçmişdəki qəhramanlar, milli günlər və simvollar, şəxs və soyadları məsələsinədək milli kimliyimizi müəyyənləşdirən problemlərin ortaya qoyulması gərəkdir. Özəlliklə adıkeçən Şiə tandemi məsələsində milli duruş sərgiləmək olmazsa olmazlardan digəridir. Başqa sözlə, dediyimiz və demədiyimiz hərəkat daxilindəki çatışmazlıqların kökündə duran başlıca problem milli kimlik kompleksindəki bərbad durumdur.
Son olaraq
İranda Azərbaycan/Türk hərəkatının qəhrəmanlıqlarla dolu, fəqət faciələrlə nəticələnən tarixindən gərəkən ibrət dərslərinin alınması onun (hərəkatın) uğurlu gələcəyi üçün vacib şərtdir. Dərsalma isə obyektiv analizlər sayəsində əldə edilir. Min təəssüf, milli hərəkat tarixindən hələ də gərəkən dərslər alınmayıb. Təşkilatlanmamış, ideolojisini yetkin səviyyəyə çatdırmamış bir hərəkatın sadəcə millətin sayına güvənməsi, uğursuzluqla sonuclanmalıdır. Bu say əvvəllər də vardı. Amma millətimiz yenə də məzlum durumdadır. Hətta siyasi statusuna görə etnik azlıq belə sayılmır, milli varlığı belə inkar edilir. Qurddərəsində futbol oyununda qulağımızı və şüurumuzu oxşayan şüarlarla qürrələnməkdəyik. Fəqət Türk Dünyasının ən məzlum bölgələrindən birinin məhz Güney Azərbaycan olduğu gerçəyini də dərk etməliyik. Tariximizdən alacağımız ibrət dərslərindən biri də bir əsr öncəki Azərbaycan və Türklüklə indikini eyniləşdirməkdir. Məşrutə dönəmindəki iqtisadi, siyasi, demoqrafik gücümüzlə indikini eyniləşdirmək cəhdi ortadadır. Halbuki mənfisi - müsbətilə müqayisəyəgəlməyəcək qədər fərqli durumdayıq. Nədən bu durumdayıq böyük sualını cavablandırmaq ən ümdə vəzifələrdən biridir. Qurddərəsindən çıxmanın tam zamanıdır! Yəni milli hərəkat yeni mərhələyə – kəmiyyətdən keyfiyyətə keçmək ərəfəsindədir. Güney Azərbaycan məsələsində ilk məqaləmim çapından 40 il keçdi. Bu illlər ərzində çox sular axdı, çox dəyişikliyə şahid olduq. Ən önəmli dəyişiklik isə milli hərəkatın nəhəng addımlarla zəfərə doğru irəliləməsi oldu. İnancım tamdır: Güney Azərbaycan azad olacaq; azadlıq, ədalət, milli hökumət yerini tapacaqdır!