Tarixi Qəhrəmanlarımız Məsələsi
Tarixi Qəhrəmanlarımız Məsələsi
Prof. Dr. Nəsib Nəsibli,
Ankara Universiteti DTCF müəllimi
Şəhərlərdə və kəndlərdə nəhəng heykəlləri, qapalı yerlərdə isə nisbətən kiçik büstləri görməmiz sıradan bir rutindir. Bütün millətlər milli qəhrəmanlarını və başqa böyüklərini çeşidli yollarla – heykəl dikmək, küçə, meydan və şəhərlərə ad verməklə, bədii film çəkmək, bəlgəsəl hazırlamaqla, kitab yayınlamaq, muzey təşkili, ədəbiyyata mövzu etməklə… yaşadırlar. Onlara şükran borçlarını bildirmək ərdəm sayılır. Milli və ya tarixi qəhrəmanların xatirəsinə sayğı, yeni güçlü, sağlam nəsillərin yetişdirilməsi üçün gərəkli bilinir.
Milli qəhrəmanlar mövzusunda zəngin araşdırma və ədəbiyyat vardır. Sadri Maksudi Arsal’a[1] görə, “Kahraman yetiştirebilmek, milletler için çok kıymetli bir haslettir [xislətdir]; bu, milletlerin yaşama, payidar olma kudretinin bir burhanı [sübutu], bekalarının garantisi ve teminatıdır.” Qəhrəman kimdir? sualı da cavablandırılır. Qəhrəman tanımlamasına/tərifinə yenə Sadri Maksudi Arsal’dan baxaq: “Milletin hayat ve bekasının bahis mevzuu olduğu mücadele ve savaşlarda büyük fedakârlıklar göstermiş, millete olağanüstü hizmetleriyle temayüz etmiş [seçilmiş] olan bu gibi insanlara milletler kahraman ismini veriyorlar… Milletin istiklalini tehdit eden herhangi bir tedafüi harpte [müdafiə savaşında], hatta herhangi bir sahada milletin büyük bir menfaati uğruna kendisini feda eden veya etmeye hazır olan şahıs, milli kahramandır. Kendisinde milli kütleye bağlılık duygusunun çok derin olduğunu ispat etmiş, milletin tarihinde şerefli bir yer almaya layık olan bir insandır.”[2] Görkəmli fikir adamı, hərbi və siyasi-dövlət sahələrində fövqəladə xidmətləri olanlarla yanaşı, digər sahələrdə də fərqlənənləri dəyər saymaqdadır. Arsal’a görə, xalqın şüuraltı hiss etdiyi arzu və meylləri dəqiq ifadə edərək bu hiss və meyllərə bir milli cərəyan mahiyyəti verən və millətin içində gizlənən qüdrət və qabiliyyətini, maddi və mənəvi əsərlərdə əks etdirərək, millətin həyat və inkişafına istiqamət verənlər böyük şəxsiyyətlərdir.[3]
Çar-Sovet və Pəhləvi-Xomeyni dönəmlərində qəhrəman
Bütün millətlər üçün normal sayılan bu halın yanında anormal istisnalar da vardır. Nihal Atsız özünə məxsus sərt üslubunda bu durumu “Milli kahraman yetiştirdiği halde onları unutan bir millet, hayvan sürüsünden biraz farklı bir yığındır” deyə dəyərləndirir. Saxta, sırınmış qəhrəmanları sinəyə çəkmək də bir başqa rəzillikdir.
Bu rəzilliyi başqa sömürgə xalqları kimi Quzey Azərbaycan’da Türklük də yaşadı. Güney Azərbaycan indi də yaşamaqdadır. Bir zamanlar gözəlim Bakı’da Lenin, Kirov, Şaumyan, Caparidze, Fioletov, Anaşkin, Solntsev, Ketsxoveli, Əmiryan, Montin, 26 Bakı Komissarları, XI Qırmızı Ordu … ve digərlərinə qoyduqları heykəllər, küçə-meydan adları ilə Sovet rejimi hər gün, hər saat bu milləti yendiyini xatırlatmaq istəmişdi.[4] Fəxri Xiyaban’da ‘müsavatçılara qarşı qəhrəmanlıqla mübarizə aparmış’ Rus bolşeviklerinin adını indi qohumlarından başqa heç kim xatırlaya bilməz. Gəncə şəhəri Kirovabad, Beyləqan şəhəri Jdanov (beşinci dərəcəli Rusiya bolşeviki), Qarabulaq Karyagin (çar polkovniki Pavel Karyagin’in şərəfinə) adlandı. Kommunist rejimin ideoloji yanaşması bir yana, Rus tarixinin Suvorov, Kutuzov, Razin kimi iftixarları da Bakı’da və digər Azərbaycan şəhərlərində unudulmadı. Bir sözlə, Sovet dönəminin sevilən milli adamı Xudu Məmmədov’un dediyi kimi, Bakı “xristian qəbrisrtanlığına” çevrilmişdi.
1970’lərdə yerli “milli kommunistlərden” Nərimanov, Əzizbəyov, Bünyad Sərdarov, Qatır Məmməd kimi xadimlərə də heykəl və büstlər qoydular. Bunu yerli hökumətin ‘millətçiliyi’ kimi qiymətləndirənlər bu gün də vardır. Halbuki bu, məhz Moskva’nın qərarı idi, Bakı’nın deyil. Moskva bu qərarı verməklə ‘milli kommunistlərin’ xidmətlərinin nəhayət qarşılanmasını, ədalətin təcəlli etməsini düşünməmişdir. Moskva, 1970’lərdə Sovet milli respublikalarında yüksələn millətləşmə sürəcinin tələblərini göz önünə alaraq Sovet hakimiyyətinə yerlərdə milli don geyindirmək məqsədi güdürdü. Bu, 1920-30’larda populyar olan, amma 1970’lərdə artıq arxaikləşən ‘formaca milli, məzmunca sosialist’ şüarına yeni nəfəs vermək cəhdi idi. ‘Xristian qəbrisrtanlığının’ gözüne qatılan bu dəyişiklik Bakı’nın kosmopolit mənzərəsini belə dəyişdirməyə qadir deyildi.
İkinci Dünya Savaşı zamanı çətin duruma düşən Moskva, insanların milli hisslərini bir qədər yüksəltməyə ehtiyac duydu. Milli respublikalarda tarixi qəhrəmanlar mövzusu yada düşdü. Amma yeni yaradılacak ‘tarixi qəhrəman’ Sovet/Rus dövlətçiliyi prinsiplərinə tərs düşməməli idi. Təcili şəkildə yerli tarixçilərə bir neçə ‘tarixi qəhrəman’ təqdim və təbliğ etmək tapşırıldı. Beləcə bir neçə qəhrəman uyduruldu:
Cavanşir (616-681) - Fars Sasani ailəsinin Erməniləşmiş qalığı, Varaz Qriqorun oğlu, Trdat’ın əmisi ‘qəhrəman’ oldu; onun ən böyük xidməti Xəzər Türklərinə qarşı mübarizə aparması idi.
Babək (798-838) - İran dəyərlərini İslam dəyərləri qarşısında müdafiə edənlərin, Xürrəmdinlərin başçısı - ‘milli qəhrəman’ elan edildi. Halbuki tarixi mənbələr bu şəxsin Fars kökənli olduğunu yazır.[5]
Qubalı Fətəli Xan (1736-1789) üçün mifik ‘xırda parçalara bölünmüş Azərbaycan torpağını bir yerə toplamaq və mərkəzləşmiş bir dövlət yaratmaq təşəbbüsü’ uyduruldu.[6] Həqiqətdə isə onu ‘qəhrəman’ edən yerli feodal rəqiblərinə qarşı Rus qoşunlarını Azərbaycan’a çağırması, Dərbənd’in açarını Yekaterina’ya göndərməsi idi.
Ədəbiyyatda qəhrəmanlar ya da düşmənlər xüsusi və geniş müzakirə tələb edən mövzudur. Bu sahədə Sovet siyasətinin mahiyyətini açan onlarla örnək vermək mümkündür. Səməd Vurğun’un meşhur Vaqif pyesində Ağa Məhəmməd Şah Qacar’ı aşağılamasını, ya da Məmməd Səid Ordubadi’nin məşhur Qılınc və Qələm romanında Səlçukluları yad ünsür kimi qələmə verməsini xatırlamaq yetərlidir.
Türklərin iftixarları məsələsində İran’da Pəhləvilərdən bu yana durum daha bərbad olmuşdur, eyni hal Xomeyni rejimində də davam etməkdədir. Əhəmənilər və Sasanilər tarixinə, uyğun olaraq o dönəmin padşahlarına inanılmaz təriflər deyilir. Kuruş dünyada ‘insan haqları təsisçisi’ adlandırılır, Sasanilərdən Ənuşirəvan xeyirxahlığın simvolu sayılır. Son Pəhləvi şahı isə Ariyamehr (Ariyaların sevgisi) tituluna layiq görülmüşdü.
Firdovsi’nin Şahnamə’sindən (təxm.1010) başlayaraq ictimai fikirdə Türklərə qarşı düşmən münasibət körüklənmişdir. İran-Turan qarşılaşdırmasında şərin simvolu Turan və Turan hökmdarı Əhriman/Əfrasiyab/Alp Ər Tonqa’dır. Hörmüz isə uyğun olaraq xeyrin simvoludur. Fars irqçiliyi məhz bu tip motivlərlə bəslənmişdir. İran/Fars təbliğatı özlərinki bir yana, başqalarının böyüklərini də mənimsəyib ideallaşdırmaqdan çəkinməmişdir. Prof. Osman Karatay’ın iddiasına görə, Farslar əski Türk tarixinin Saka dönəmindəki qəhrəmanlarını da əfsanələrinə salmış, özününküləşdirmişlər; “Bizim bugün Oğuz Han dediğimiz Türk kahramanı İran destanına Fars kahramanı Feridun olarak girmiştir.”[7]
Ən parlaq və maraqlı örnəklərdən birisi də Makedoniyalı İskəndər məsələsidir. Firdovsi Şahnamə’sində İskəndər haqqında maraqlı bir hekayə anladır. Hekayənin qısa məzmunu belədir: Əhəməni dövlətinin Makedoniyalı Aleksandr qarşısında məğlubiyyətini (m.ö. 333) unuda bilməyən Farslar, bu məğlubiyyəti Aleksandr’ın/İskəndər’in damarlarında axan Fars qanına bağlayırlar. Guya Aleksandr/İskəndər Kəyan nəslindənmiş! Əhəməni və Makedoniya orduları arasındakı savaşda Rum ordusu məğlub olmuş, kral Filip qızını Fars padşahının tələbi ilə ona göndəribmiş. Fars padşahı Rum qızı ilə yatağa girmiş, amma qızın ağzından pis qoxu gəldiyi üçün ondan imtina etmişdir. Qızın bu dərdini ‘iskəndər’ adlı otla müalicə etmələrinə baxmayaraq, bir dəfə diksinmiş Pers/Fars padşahı qızı atasına geri göndəribmiş. Filip bu bir gecəlik izdivacdan doğan uşağı oğulluğa götürübmüş. Bax beləcə dünyaca məşhur sərkərdə Kəyan nəslinin birbaşa davamçısı və İran taxt-tacının məşru sahibi çıxarılmış… M. Əmin Rəsulzadə Azərbaycan Şairi Nizami kitabında Fars irqçiliyinə örnək kimi bu məsələdən bəhs etmişdir.[8]
Bu qəhrəmanlar silsiləsində Fars olmayanlara yer yoxdur. Hətta 1000 il İran adlı bu coğrafiyanın hakimləri olmuş xanədanlar belə yad, İran’a bədbəxtlik gətirən ünsürlər sayılır. Başlıca nifrət hədəfi olaraq Səlçuklular, Elxanlılar, Teymuroğulları, Qaraqoyunlu-Ağqoyunlu seçilmişdir. (Diqqət çəkən istisnalara Səfəvilər, özəlliklə Şah Abbas haqqında yazılarda rast gəlirək.) Örnək olaraq Fars dili və ədəbiyyatını himayə etməsinə, Farsları kütləvi şəkildə idari işlərə cəlb etməsinə, indiki İran coğrafiyasını Bizans təhdidləri və Ərəb basqısından qurtarmasına baxmayaraq, Böyük Səlçuklu Dövləti rəsmi tarixçilikdə adətən ‘köçəri tayfaların hakimiyyəti’ sayılır.
İran’da son inqilabdan sonra ‘şah’ anlayışını andıran hər şey qaldırıldı. Tehran’ın mərkəzindəki heykələ – Şahnamə’nin əsas müəllifi Firdovsi’yə toxunmadılar. Bütün ölkə şəhərlərindəki heykəlləri qorundu, hətta sayca daha da artırıldı. Təbrizli Əli zamanında fərqinə varmışdı: “Bir kimsə cürət eləmədi ki, Firdovsi’nin daş mücəssəməsinə əl vursun və o hələ də meydanın ortasında dayanıb biz Türklərə, Ərəblərə, Bəliçlara, Kürdlərə, Qaşqaylara gülür.”[9]
Klassiklərimiz mövzu barədə
Millətləşmə sürəcinin bu önəmli məsələsi – milli qəhrəmanlar və iftixarlar mövzusu – fikir böyüklərimizin də diqqətini çəkmişdir. Xüsusi araşdırma mövzusu ola biləcək bu məsələlərin ayrıntılarına girmədən bir necə örnək verməklə kifayətlənəcəyik. Bu örnəklər belə məsələnin mahiyyətini açmağa yardımcı ola bilər.
Fikir böyüklərimizdən Əli Bəy Hüseynzadə-Turan məşhur Məktubi-məxsusi’də (1904) Çingiz Xan ve Əmir Teymur’a Osmanlı’da aşağılayıcı münasibətə etiraz edir, bu savaş dahilərini Türklükdən ayırmır: “…Türklügün nədən ibarət olduğuna təmamilə vüquf göstərilməmiş [fərqinə varılmamış] ve Tatarlara, ələlxüsus Türklügün mədari-iftixarı bulunan Cingizlər, Teymurlar kibi hərb dâhilərinə həqarətamiz bəzi sözlər dərc edilmişdir.” Həcmcə qısa, fikircə dop-dolu bu məqalədə Hüseynzadə məktəb proqramlarında Fars şairi Qəani və başqalarının şeirlərini anladarkən ‘Mirzə Əlişir Nəvai’dən iki sətir olsun’ verməməyə etiraz edir.[10] Hüseynzadə Türklər Kimdir və Kimlərdən İbarətdir? (1905) başlıqlı klassik əsərində daha geniş şəkildə mövzu üzərində durur. O, böyüklüyü ‘öz qövmünü ehya edən, öz məmləkətini abad edən, öz millətini təriqi-tərəqqiyə sövq ilə anı [onu] mədəniyyətin ana mərtəbələrinə çıxardıb şərəf qazandırmaqda’ görür. Bu böyüklüyü dəyərləndirərkən ‘başqa və rəqib millətlərin nəzərilə’ deyil, ‘öz qövm və milləti nəzərilə’ baxmaq gərəkdir. Buradaca ‘Teymur’un da Türk mədəniyyətinə etdiyi xidmətləri’ qeyd edərək, “əkabiri-milliyəmiz [milli böyüklərimiz] haqqında həqiqəti meydana çıxarmaq üçün əvvəl əmrdə özümüzü tanımalıyız.” deyir.[11] Hüseynzadə, Çingiz’in və Teymurləng’in nəvəsi Babur Mirzə’nin Türk olduğunu bir daha vurğulayır. Babur’un qurduğu ‘Böyük Moğollar hökuməti’ adının ‘bir yanlışlıq əsəri olub, bu yanlışlığın Avropalılara bəzi İran müvərrixlərindən sirayət etdiyini’ bildirir.[12]
Tarixdəki qəhrəmanlarımız mövzusunda ən kəskin mövqe ortaya qoyan Əhməd Ağaoğlu’dur. Cahangirlik dönəmində (16. yüzilə qədər) dünya siyasətinin şəkillənməsindəki Türklərin önəmli rolunu dəyərləndirən Ağaoğlu, “İran’ın son bin senelik tarihi hakikatte ve doğrudan doğruya Türk tarihinin bir şubesidir” deyir.[13] Türklərin dövlət qurma sahəsində üstün qabiliyyətlərinin olması ilə yanaşı, bir zəifliyi də vardır – Ağaoğlu onu bir neçə əsərində vurğulamışdır. Bu zəiflik Avropa siyasi fikrində oturuşmuş sorğulama kültürünün yerli siyasi fikrə gətirilməməsidir. Əhməd Ağaoğlu, Həsən Bəy Zərdabi’nin dəfnindəki (1907’nin sonu) məşhur nitqində də, Millət və Millətçilik başlıqlı bilinən məqaləsində də (1909), Türk Aləmi (1912), ya da İran və İnqilabı əsərində (1941) də Türk hökmdarlarını tənqid edir. Onları qurduqları dövlətləri milliləşdirməməkdə; Farscanı dövlətin rəsmi dili elan etməkdə; Farsları və Fars ədəbiyyatını aşırı dərəcədə himayə etməkdə ittiham edir. Bu bağlamda ən sərt tənqidə məruz qalanlardan biri Səfəvilərdir: Onlar “…Şark ve bilhassa Türk tarihi üzerine derin ve felaketli tesirler icra etmeğe muvaffak oldular.”[14] Son Qacar hökmdarları (‘manen, cismen yıpranmış olan sülale’) da haqq etdikləri sərt tənqidə hədəf olurlar. Ağaoğlu, Türk hökmdarları arasında Nadir Şah Əfşar’ın fəaliyyətlərini təqdir edir, xüsusi fərqləndırir.
Sovetlərin ‘qəhrəman yaratma’ siyasəti M. Əmin Rəsulzadə’nin diqqətini çəkmişdir. 1951’dəki bir əsərində Sovetlərin İmam Şamil’i, ya da Gəncəli Cavad Xan’ı qəhrəman kimi görməmələri bir yana, onların adı belə çəkilmir deyir. Əvəzində ‘Azerbaycan tarihinin derinlikleri aranarak, oradan Babek gibi şahsiyetler çıkarılıp, idealleştiriliyor.’ Rəsulzadə bunun səbəbini izah edir: “Babek İslamiyetin düşmanı idi; bir ‘İslamiyet’ ki şimdiki şartlar içinde ‘komünizme’ az engeller türetmiyor. Babek, Azerbaycan’ı Kuzey’e değil, Güney’e karşı koruyordu; bu haliyle de o Sovyetler Birliğinin muhtemel düşmanlarına karşı savaşı remizlendirebilir.”[15]
Təbrizli Əli üçün dünya Türkləri kimi, tarixləri də birdir, bölünməzdir. Çağdaşları bu əzəmətli tarixlə öyünə bilərlər. Bu tarixdə Teoman və Mete’nin, Atilla və Hunların, Çingiz Xan və Moğolların, Əmir Teymur və ‘ilk Türkçü Əlişir Nəvai’nin’… öz yeri vardır. Bununla belə əski irsə münasibətdə, özəlliklə hakim Türk sülalələri məsələsində ən barışmaz mövqe tutan fikir adamlarımızdan biri də Təbrizli Əli’dir. Türk hökmdarlarının Farscaya tək rəsmi dövlət dili statusu vermələrinə, Fars ədəbiyyatını və məddah şairləri saraylara doldurmalarını, idari və dini işləri Farsların ixtiyarına vermələrini acı dillə sorğulayır. Bu sorğulamaya örnək olaraq Türkçülüyün klassik qaynaqlarından biri olan Ədəbiyyat və Milliyyət əsərindən bir alıntı verək: “Bu ata-babalarımız həmişə güc və qüdrət toplamaqda, hakimiyyət yaratmaqda [dövlət qurmaqda] böyük cəsarətlər və fəthlər göstərib, öz zamanlarının ən birinci tarix qəhrəmanları olublar. Böylə ki bu gün heç bir tarix yoxdur ki, Türk o tarixdə hazır olmasın ve ondan böyük bir rol və hərəkət gözə çarpmasın. Qulluqlarında yüzlərcə balaca şahlar, hökumətlər, tarix yazanlar, ədiblər və şairlər, memarlar və təbiblər olan ata və babalarımız gələcək nəsil üçün, yəni indiki (bizlər) üçün heç bir gözəl milli miras, milli dil ve ədəbiyyat, milli tarix qoymayıblar. Fəqət günün nəğd olan qüdrət və gücünə qane olub, zamanı və dünyanı kiçik və qısa düşünüblər. Əlbəttə, ara-sıra böyük şəxsiyyətlər və milli kişilər də tariximizdə az deyil.”[16] Təbrizli Əli tənqidlərində təktərəfli deyildir. O, Fars irqçiliyini ən sərt tənqid edənlərdən biridir. Firdovsi”nin dünya şöhrətinə, Farsların ana kitabı sayılmasına baxmayaraq, Firdovsi ve Şahnamə, millətlər arasına nifaq salmasına görə ağır dillə ifşa edilir.
Mövzu ilə bağlı bəzi böyüklərimizin fikirlərini də aldıqdan sonra tarixi qəhrəmanları necə bəlirləyək/müəyyən edək məsələsinə keçə bilərik.
Qəhrəman kimdir? Normal kriterlər nə olmalıdır?
Uzun müddət hakimiyyət başında qalan, zənginlik sahibi olan, iradəsini qəbul etdirə bilənlərə üçüncü dünya ölkələrində adətən “böyük” adam/siyasətçi deyirlər. Çağdaş tarixçi də özündən asılı olmadan şüur altındakı hisslərini tarixi faktlara və şəxsiyyətlərə yansıdır/şamil edir. Gəlişmiş ölkələrdə bu böyüklük ölçüsü qalıcı dəyər yarada bilmək qabiliyyətidir; onunla tarixdə qalırlar. Çağdaş vətəndaş sevdiyi qəhrəmanı sorğulaya bilməli, niyə, nə üçün suallarına onun işlərində inandırıcı cavablar tapa bilməlidir. Əks təqdirdə sevdiyi qəhrəman bütə dönər.
Müzakirəyə açılan tarixdəki qəhrəmanlarımız mövzusuna yanaşmada vaz keçə bilməyəcəyimiz prinsipler bunlar ola bilər:
- Sovet ve Pəhləvi-Xomeyli dönəmlərində uydurulmuş ‘milli qəhrəmanlar’ məsələsi ciddi yanaşma tələb edən ideoloji-tarixi problemdir; bu sırınmış qəhrəmanları sorğulamaq, hətta onlardan qətiyyətlə imtina etmək gərəkdir.
- Ortaq Türk tarixi Azərbaycan Türklərinin də ortaq tarixi olduğu üçün o dönəmin qəhrəmanları da ortaq qəhrəmanlarımızdır.
- Milli qəhrəmanlarımız millətin bağrından çıxmış, ona böyük xidmətlər göztərmiş nadir şəxslərdir; onlar ‘coğrafiyanın qəhrəmanları’ deyildirlər.
- Tarixdə qalıcı dəyərlər yaratmış qəhrəmanlarımıza sahib çıxacağıq, qürurlanacağıq, onlardan öyrənəcəyik, amma yanlış və əskik işlərini də gizlətməyəcəyik.
Bu prinsiplər məqbul hesab edilirsə ictimai fikirdəki fərqli yanaşmaları da göz önünə alaraq mövzunun sonuna gəlmək olar.
Sonuc yerinə: Tariximizdəki qəhrəmanlar siyahısı
Məntiq qanunlarına görə siyahının başında milli əcdad gəlməlidir. Alp Ər Tunqa (Əfrasiyab) haqqında bilgiləri əsasən dastan ve rəvayətlərdən alırıq. Tarix elminin sonrakı gəlişməsi Alp Ər Tunqa’nın həqiqətən tarixi şəxsiyyət olub-olmadığını dəqiqləşdirəcək. Sakaların/İskitlərin Türk tarixinin bir bölümü olması həqiqəti zaman keçdikcə aydınlaşacaq. Zeki Velidi Togan Alp Ər Tunqa’nı m.ö. 7. yüzil Saka hökmdarı olaraq təqdim edir.[17] Başqa bir Saka hökmdarı Tomris Hatun’un (m.ö. 6. yüzil) Əhəmənilərdən Kuruş’un kəsilmiş başını teştə atıb, ‘həyatında qana doymadın, indi səni qana doyuraram’ sözü ədəbiyyata keçmişdir.
Hunların tarixi və qəhrəmanları daha çox Çin qaynaqlarından tanınır. Bu qaynaqlarda Teoman və oğlu Mete Han’ın (Mao-tun, m.ö.234 – m.ö.174) fəaliyyətlərindən bəhs edilir. Özəlliklə Mete’nin Türk ordusunun əsasını qoyduğu bilinən tarixi faktdır. Hunlardan Kür-Şad Çin qaynağındakı tarixi şəxsiyyət olan Chieh-she-shuai'nin ədəbi adıdır. Atilla’nın (406-453) əski dünyanın ən görkəmli sərkərdəsi və dövlət adamlarından biri olması şübhə doğurmayan gerçəklikdir.
Bu arada adı anılmayan qəhrəmanlardan biri haqqında qısa bilgi verək. Sabir/Subar boyunun (6. yüzil) başçısı Balak bir xəyanətin qurbanı olur. Bizans qaynaqlarında adı Boariks (Boa) olaraq keçən xatunu xəyanətkarı təqib edərək 1.000 atlı ile Dərbənd’i keçir, Şamaxı-Tiflis yolu ile irəliləyərək daha sonra Anadolu’nu, Şam’ı dolaşaraq qarşısına çıxanı əzir, ərinin intiqamını alandan sonra geri dönür. Bu gün gerçək adını bilmədiyimiz bu Boariks nədən qəhrəmanlarımız siyahısında olmasın?
Oğuz Xan da bu gün dastan qəhrəmanıdır. Oğuzların əcdadı sayılır. Səlçuk Bəy’in həyatı tarixi qaynaqlarda yer almışdır. Azərbaycan coğrafiyasını Türklərə milli vətən yapan Səlçukluları və Böyük Səlçuklu hökmdarlarını milli iftixarımız da saymayıb, kiminlə fəxr edəcəyik? Bir məqaləmizdə əsaslandırdığımız kimi Çağrı Bəy’in (Mərənd?), Sultan Toğrul’un (Rey), Sultan Alp Arslan’ın (Mərv), Sultan Məlikşah’ın (Mərənd?), Sultan Səncər’in (Mərv) məzarları kütləvi ziyarət yerləri olmalıdır.[18]
Tarix şüurumuzun önəmli çatışmazlığından biri Çingiz Xan, Moğollar və Elxanlılar mövzusudur. Yuxarıda Əli Bəy Hüseynzadə -Turan’ın Çingiz Xan haqqında görüşündən bəhs etmişdik. Hüseynzadə adı çəkilən əsərində Çingiz Xan’ı Türk sayır. Eyni yanaşmanı birinci nəsil digər Türkçü düşünürlərdə də (örnək olaraq Əhməd Ağaoğlu və Yusuf Akçura’da) görürük. Sovet və Pəhləvi-Xomeyni dönəmlərində Moğollar mövzusunda ağılalmaz təhriflərə yol verildi. Son illərdə yeni obyektiv əsərlər də işıq üzü gördü. Ayrıntılara girmədən Elxanlılar dönəminə rəsmi tarixçilikdən fərqli, milli ve obyektiv baxış gərəkliyi fikrini vurğulamaq istərdik. Uzun illər boyu gözardı edilən tarixi faktlar – Azərbaycan’ın qonşu ölkələr üçün də siyasi mərkəzə çevrilməsi, Marağa, Təbriz və başqa şəhərlərdə görkəmli abadlıq işlərinin aparılması, buraya 2 mln. Uyğur Türkünün yerləşməsi, Uyğur Türkcəsinin burada rəsmi yazı dilinə çevrilməsi və s. – yenidən dəyərləndirmə sonucunda mütləq yeni tablo ortaya çıxaracaqdır.
Çox həssas məsələlərdən biri Ankara (1402), Otluqbeli (1473), Çaldıran (1514) kimi meydan döyüşlərinin dəyərləndirilməsidir. Sovetlərdə və İran’dakı rəsmi tarixçilikdə Türk tarixinin bu kədərli səhifələri olmazın surətdə təhrif edildi və daim körükləndi. Sanki bu savaşlar xalqlar arasındakı mübarizənin qanlı zirvəsi imiş. Halbuki bunlar Ortaçağlar üçün xarakterik olan feodal sülalələr arasındakı hakimiyyət və zənginlik uğrunda qardaş qırğınından başqa bir şey deyildi. Milli tarixçilik prinsipindən yanaşma bu savaşların Bayəzit-Teymur, Fateh-Uzun Həsən, Yavuz-Xətai arasında maraq çatışması kimi dəyərləndirilməsini tələb edir.
Mustafa Kamal Atatürk’ün Azərbaycan Türkünə nə dəxli var? sualına cavab: Zamanında yeganə bağımsız Türk yurdu – Türkiyə’ni dostları ilə birlikdə qurtardığı üçün həm də Azərbaycan Türkünün qəhrəmanıdır.
Bu yığcam yazıda Türk dünyasının və onun önəmli bölümü olan Azərbaycan’ın tarixdəki qəhrəmanlarının tam siyahısını vermək imkansızdır. Ancaq haqlarında haqsızlıq yapdığımız və unutmağa məhkum etdiyimiz bir neçə qəhrəmanımızın minnətdarlıq duyğusu gərəyi heç olmasa adını anaq.
Azərbaycan siyasi eliti gənəlliklə birinci Rus işğalına münasibətdə düzgün mövqe tutmadı, Rusya’dan mədət umaraq Kürəkçay təəhüdünü (1805) imzaladı. Cəmi bir neçə xan doğru yol tutdu. Gəncəli Cavad Xan’ın qəhrəmanlığı və şəhadəti bilinir, ədəbiyyata da keçib. İrəvanlı Məhəmməd Xan aldanmadı, bacardığı qədər dirəniş göstərdi. Rus işğalına qarşı ömrünün sonunadək (1822) əldə silah savaşan başqa bir qəhrəman – Qubalı Şeyxəli Xan (Rus yanlısı Fətəli Xan’ın oğlu!) – haqq etdiyi diqqətə layiq görülməmişdir. Şeyxəli Xan Azərbaycan’ın Şeyx Şamil’idir; amma dərs kitablarında (örnək 10. siniflər üçün Azərbaycan Tarixi dərsliyi) adı belə çəkilmir. Əslində Rus işğalına və sömürgə sisteminə qarşı 19. yüzildə baş vermiş onlarla üsyanın hər bir iştirakçısı və başçısı qəhrəmandır.
İkinci Rus işğalına (1920) qarşı 200’ə qədər üsyan və silahlı çıxış olub. Onların minlərlə iştirakçısı ve başçısı hər biri bir qəhrəmandır (Can qorxusundan küçə süpürmək rəzilliyini üstünə alan iki məşhur general deyil).
Azərbaycan Kommunist Partiyası’nın keçmişi (1920-1991) Rus imperiyasına nökərçilik tarixi olmuşdur. Bu qurum ölkənin müstəqilliyinin düşməni, Azərbaycan’ı sömürmə mexanizmi, milli kimliyi məhvetmə təşkilatı, ‘5. kolon/qol’ bəsləmə mərkəzi olmuşdur. Bu partiyanın rəhbərləri arasında bir istisna vardır: Eyyub Xanbudaqov (1893-1937). Moskva’nın təzyiqlərinə qarşı bu şəxsin bayraq açması, ölkənin sömürgələşməsinə qarşı yönəlmiş etiraz tələbləri bir igidlikdi.[19] Bu igidliyin bədəlini də güllələnməklə ödədi.
İran’da Rza Xan’ın hakimiyyətə yürüməsini görən və bunun Türklük üçün böyük təhlükə olduğunu bildirən və əlindən gələn qədər dirənən Rövşəni Barkın bir qəhrəmandır. Bu adam çırpınmış, yerli Türk liderlərini gerçəkləşməkdə olan təhlükə qarşısında təşkilatlanmağa çağırmış, müvəffəq olmayanda qələmə sarılmış, yatmış şüurları ayıltmağa çalışmışdır.
Sovet rejiminin qılıncının dalının da qabağının da kəsdiyi 1970’lərdə KGB’nin əməkdaşlıq təklifini geri çevirən, şərlənib güllələnməyə məhkum olunan bizim dissident müəllimimiz Qənbər Əsgərov bir qəhrəmandır…
Bu qısa özətdən də göründüyü kimi tariximiz kimi qəhrəmanlarımız da zəngindir, yetəri qədərdir. Başqalarından borc almağa heç gərək yoxdur. Yetər ki öz dəyərlərimizə sahib çıxa bilək.
- [1] Sovetlərdən qalan bəzi məntiqsiz yazı qaydalarını dəyişmək gərəkdir.
- [2] Sadri Maksudi Arsal, Milliyet Duygusunun Sosyolojik Esasları, İstanbul: Ötüken, 2018, s. 98-100.
- [3] Yenə orada, s. 110.
- [4] 1990’ların başında Azadlıq Meydanı’ndakı mitinglərin birində bu heykəllərin yığışdırılıb Xəzər’dəki adaların birinə daşınması, Sovet dönəminin cinayətlərini göstərən açıq hava muzeyinin eksponatları kimi istifadə edilməsini təklif etmişdik. Təəssüf, dramatik tariximizin bu şahidləri təbliğat vasitəsi ola bilmədilər. Milli hərəkat və bağımsızlığın ilk illərində bu heykəl və büstlər sökülüb, metallom kimi xaricə daşındı.
- [5] 1993’də Güney Azərbaycan’da yeni yaranmaqda olan Bəzz/Babək hərəkatı rəhbərlərinə “Babək’in Türk olmasını sübut edə bilərsinizmi?” deyə sorduğumuzda “Önəmli olan onun İslam hakimiyyətinə qarşı mübarizə aparmasıdır” cavabını eşidirdik.
- [6] Ənvər Şükürzadə, Fətəli Xan, Bakı: EAAzF Nəşriyyatı, 1943, s. 5.
- [7] Osman Karatay, İran ile Turan, İstanbul: Ötüken, 2015, s. 277.
- [8] Mehmet Emin Resulzade, Azerbaycan Şairi Nizami, Ankara: Milli Eğitim Basımevi, 1951, s. 174.
- [9] Təbrizli Əli, Ədəbiyyat və Milliyyət, Tehran: Atropat, 1360, s. 136. Salmas, Qəzvin və başqa Azərbaycan şəhərlərində Fars irqçiliyinin simvolu olan Firdovsi’yə qoyulmuş heykəllər son illərdə yerli orqanların qərarı ilə qaldırıldı; Tehran buna sərt reaksiya verərək bu heykəlləri yenidən yerinə dikdi.
- [10] Əli bəy Hüzeynzadə, Seçilmiş əsərləri, Transliterasiya və tərtibi Ofeliya Bayramlı, Bakı: Çaşıoğlu, 2007, s. 100.
- [11] Azərbaycan Publisistikası Antologiyası, tərtib edən Cəlal Bəydili, Bakı: Şərq-Qərb, 2007, s. 127-128.
- [12] Yenə orada, s. 132.
- [13] Ahmed Ağaoğlu, İran ve İnkılabı, Ankara, 1941, s. 11.
- [14] Yenə orada, s. 23.
- [15] Mehmet Emin Resulzade, Çağdaş Azerbaycan Tarihi, Ankara: Yeni Cezaevi Matbaası, 1951, s. 18. Əsərin 30. səhifəsində yazılmışdır: “Babeki sözü daha XIX. cu yüzyılda, Azerbaycan’da söğüş mukabiliydi [söyüş kimi işlədilirdi]. Dini naslere [ehkamlara] itina etmeyen düşüncelilere ‘Babeki’ derlerdi.”
- [16] Əli Tebrizli, Ədəbiyyat və Milliyyət, s. 101.
- [17] Zeki Velidi Togan, Ümumi Türk Tarihine Giriş, s. 108-109.
- [18] Nesib Nesibli, Selçuklu Döneminde Türk-Fars İlişkileri Üzerine, Türk Yurdu, Nisan 2021 (çapdadır)
- [19] Mehmet Emin Resulzade, Çağdaş Azerbaycan Tarihi, s. 11-12.